26 Kasım 2015 Perşembe

ŞƏHRİYAR

HEYDƏRBABAYA SALAM
BİRİNCİ HİSSƏ

Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə,
Mənim də bir adım gəlsin dilizə.

Heydərbaba, kəhliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Baxçaların çiçəklənib acanda,
Bizdən də bir mümkün olsa yad elə,
Açılmayan ürəkləri şad elə.

Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qar çiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyen sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

16 Kasım 2015 Pazartesi

MİR MEHDİ ETİMAD (NATİQ)

Mir Mehdi Məhəmməd oğlu Etimad (Natiq) 1900-cu ildə Təbrizdə ziyalı ailəsində dünyaya gəlmişdir. Doğulduğu şəhərdə Molla Yusifin köhnə tərzli təhsil verən məktəbində dini təhsil almış, sonra təhsili Mirzə Əbülqasım Xanın yeni tərzli təhsil verən məktəbində davam etdirmişdir. Buranı bitirdikdən sonra "Talibiyyə" mədrəsəsində ali təhsili başa vurmuşdur. Burada bir çox elmlərə yiyələnən Etimad bununla kifayətlənməmiş, ədəbiyyat biliyini genişləndirməyə başlamışdır. Gənc yaşlarından ədəbiyyata bağlanan Mir Mehdi Etimad İranda azadlıq şüarlarını dilə gətirən ilk şairlərdən idi. 

NAZİM HİKMƏT

Nazim Hikmət və ya Nazim Hikmət Ran (d. 15 yanvar 1902, Saloniki — ö. 3 iyun 1963, Moskva) — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi.

Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şer yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. "Sərvliklərdə" adlı ilk şeri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.