16 Kasım 2015 Pazartesi

MİR MEHDİ ETİMAD (NATİQ)

Mir Mehdi Məhəmməd oğlu Etimad (Natiq) 1900-cu ildə Təbrizdə ziyalı ailəsində dünyaya gəlmişdir. Doğulduğu şəhərdə Molla Yusifin köhnə tərzli təhsil verən məktəbində dini təhsil almış, sonra təhsili Mirzə Əbülqasım Xanın yeni tərzli təhsil verən məktəbində davam etdirmişdir. Buranı bitirdikdən sonra "Talibiyyə" mədrəsəsində ali təhsili başa vurmuşdur. Burada bir çox elmlərə yiyələnən Etimad bununla kifayətlənməmiş, ədəbiyyat biliyini genişləndirməyə başlamışdır. Gənc yaşlarından ədəbiyyata bağlanan Mir Mehdi Etimad İranda azadlıq şüarlarını dilə gətirən ilk şairlərdən idi. 
O, bədii yaradıcılıqla yanaşı xalq təhsili sahəsində də fəaliyyət göstərmiş, Təbrizdə açdığı "Etimad Mədrəsəsi"ndə on beş il gənclərə dərs demişdir. Bu illər ərzində Etimad həm bədii yaradıcılıqla məşğul olmuş, həm də müəllimlik etmişdir. Onun şeirlərində bir çox əxlaqi tərbiyəvi məsələlərə toxunulur, elmi və ədəbi əsərləri oxucular tərəfindən maraqla qarşılanır. Rza Şah dönəmində yazdığı "Ayineyi-Əxlaq" kitabı 20, "Bədr-i-Qeyu-Əl-Səbyaiv" və "Mənazeyi-Ədəbi" kitabları isə 8-10 dəfə təkrar çap edilmişdir.

Sonralar qələmə aldığı "Əlifbayi-Cədid", "Gül Qönçəsi", "Töhfəlül-Səbyaiv", "Gəlinlər Bəzəyi", "Çərşənbə Bazarı" əsərləri də böyük oxucu rəğbəti qazanmışdır.

1941-1946-cı illərdə Güney Azərbaycanda vüsət alan xalq hərəkatı Etimadın da ədəbi yaradıcılığında yeni mərhələ açmışdır. Onun bu illərdə yazdığı şeirlər həm siyasi kəskinliyi, həm də dil-üslub xüsusiyyətləri ilə seçilir. Etimadın bu illərdə qələmə aldığı bir şeir marşa çevrilmiş, məşhur "Təbrizim" şeri dillərdə əzbər olmuş, ona mahnılar bəstələnmişdir.

1941-1946-cı illərdə Respublikamızın ziyalıları tərəfindən Təbrizdə nəşr olunmuş Vətən Yolunda (qəzet) bir çox serləri dərc olunmuşdur.

Milli müstəqilliyi bütün varlığıyla tərənnüm edən Etimad "Şairlər Məclisi"nin başçısı seçilmişdir. Milli hərəkatın qanlı şəkildə qarşısı alınandan sonra Etimadı iki il həbsxanaya salmışlar. Ancaq əfv fərmanından sonra azadlığa çıxmış, böyük çətinliklə Notariat kontorlarından birində işə düzəlmişdir. Şair bir çox ədəbi məclisin qurucusu və fəal üzvü olmuşdur, bu məclisləri gənclər üçün sənətkarlıq mədrəsəsinə çevirə bilmişdir. Mir Mehdi Etimad 1981-ci ildə Tehranda vəfat etmişdir.

AZƏRBAYCAN MARŞI
(S, C, Pişəvəri hökuməti zamanı Güney Azərbaycanın milli himni bu sözlərə bəslənmişdir, musiqisi Cahangir Cahangirovundur)

Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!
Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!

Ey Vətənim, düşmən əcəb bağrını al qan elədi,
Soydu rəzalətlə səni, zülmüylə talan elədi,
Bağlarıvı vurdu xəzan, gör necə viran elədi,
Zülmət keçib döndü zaman, Azərbaycan, Azərbaycan!

Keçmişinə baxmalıdır pirü cavan ibrət ilə,
Hazır olub əllərimiz intiqama qeyrət ilə,
Məqsədimiz var səni azad eləyək sürət ilə,
Müstəbidə yoxdur aman, Azərbaycan, Azərbaycan!
Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!

And içirəm namusuma-məsləyimə, vicdanıma,
Gün kimi dünyada müqəddəs tanılan imanıma,
Ya səni azad eləyim, ya boyanam al qanıma,
Haqqın üzü dönməz inan, Azərbaycan, Azərbaycan!
Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!


Bəsləmişsən şanlı vətən, naz ilə öz evladıvı,
Mən də gərək cəhd eyləyib ərşə ucaldam adıvı,
Himmət elə, parçalayıb məhv eləyim cəlladıvı,
Vəqti-səadətdir oyan, Azərbaycan Azərbaycan!


Hiç yorum yok:

Yorum Gönder