Xəlil Rza Ulutürk (1932-1994) |
Bu dünyada otun, suyun, torpağında yaddaşı var.
Sındırılmış bir budağın,söndürülmüş ocağın da yaddaşı var.
Ələk-vələk, darmadağın otağın da yaddaşı var.
Bayaq isti, indi bumbuz yatağın da yaddaşı var.
Naili çəkmə altındaca qolu çıxan kuklaciğın,
Miz üstündə yetim qalan bir qələmin,varağında yaddaşı var.
Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri,
Qara günlər gətirərkən qan qırmızı geyənləri
Yox, unuda bilmərik biz xeyir cildi geyen şəri,
Qorxa-qorxa yarım addım ata-ata
Ayaq üstə yata-yata,
Ourşağacan qar içine bata-bala sürgünlərə gedənləri.
Ac, yuxusuz, nalan, üryan
Min-min qoca, min-min cavan
İş üstündə bir sümükdü, bir də dəri.
Yox, unuda bilmərik biz
Ac canavar iştahıyla yurdu söküb tökənləri,
Bir dəstəni qana çəkən dəstəbaşı təkələri.
Rəhbər xadim sayılardı baş kəsənlər, göz ovanlar.
Haqq- bağıran boğazlara qurşun tökdü
Markaryanlar, Qriqoryanlar.
Yanda durdu Topuridze, asta cellad, usta cellad.
Adı doğma, üreyi yad
Cin Cəfərin əllərilə viran qaldi xanimanlar.
74 min dustaq getdi, qayıtmadı yüzdə biri.
Çoxu güllə ışığında öz əlilə qazdı qəbri.
Ən rəzili bu deyil, yox,
Ən rəzili odur ki, sən
Özün şair adlanasan, ədib, alim adlanasan.
Baxıb dustaq etdiyinə kam alasan, şadlanasan
Yox, unuda bilmərik biz iş başında omba duran gürzələri
Naxçivanda DTK-nin çirmek qollu dilavəri.
Alnı kerpic, gözleri tum… mirzələri
Əllərində daşdan keçən casusname ərzələri
Tribunadan”Vətən”! deyə,”Millət”deyə ve’z eləyen hərzələrin
Yox unuda bilmərik biz
Bircə üskük şöhrət üçün, göz dikdiyi sərvət üçün mənliyini satanları.
Xirtdeyəcə bataqlığa batanları
- Daloy muğam!
- Daloy papaq!
- Daloy tarda!
- Daloy saz da! – deyib lığa batanları.
Xəyanətə qurban getdi tər bənövşe, bahar Müşfiq.
Hələdə bu cinayətə zirvələrdən baxar Müşfiq.
Xəyanətə qurban gəldi necə igid,
Pensneli, zər əsalı, nur heykeli ulu Cavid.
Qurban getdi dağ billuru Yusuf Vezir
Yalçın qaya – Əhmed Cavad.
Qoç Koroğlu, Sam oğlu Hacı Kərim
Ulduzları salxım kimi göydən dərən Çobanzadə Bəkirimiz.
Güllələndi təpərimiz, kəsərimiz, hünərimiz.
Bu dərdləri öncə sezib tab etmədi Cəfərimiz.
Haray, dünya!
Hələ durur o qansızlar.
Qəhrəmana, mərd baxışa aman verməz imansızlar.
Qırdığımız dişlərini zaman-zaman şaqqıldadan
Qan tökməyə, baş kəsməyə imkansızlar…
Elə bilmə o dəhşətli yanqın bitdi, batdı, getdi.
Hələ durur, davam edir
O, yaşayır, qorxularda, ürkülərdə.
Bəlkə bir də qaytarıldı… bəlkələrdə.
Vicdanları basıb yeyen
Ləkələrdə, kölgələrdə.
Ne qədər ki, bir milləti yetmiş yerə bölənlər var.
Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var.
Nə qədər ki, kabineti, vəzifəni gözlərinə təpənlər var,
Tiranların yambızını bir az altdan öpənlər var,
Nə qədər ki, iste’dadı addım-addım pusanlar var,
Xalq dərdini hayqırmağın əvəzinə əqrəb kimi susanlar var.
Nə qədər ki, iş başında bunca kütbaş, kəmsavad var.
Düz üç yüz min didərgindən heç nə yazmaz mətbuat var,
Nə qədər ki başçı olur başsız canlar,
Bir millətin mənliyim talam-talam talayanlar,
Nə qədər ki, mənə əxlaq dərsi verir fərariler, boşqab dibi yalayanlar,
Nə qədər ki,- Demokrati! – Aşkarlama!
Deyə-deyə boğaz yırtır bu züyçülər, zurnacılar, şeypurçular,
Nə qədər ki, cəzasıdır Xankəndimdə evlər yıxan, ürək yaxan yırtıcılar,
Davam edir otuz yeddi
Daha kesgin, daha ciddi!
Nə qədər ki, xalq şairi xalqa yaddır,
Nə qədər ki, rütbəlilər mütləq dahi iste’daddır,
Nə qədər ki, yallananlar harda aşdır, orda başdır.
Nə qədər ki, ərkən duran, axşamacan getmən vuran
Anaların döşü südsüz, gözü yaşdır,
Davam edir otuz yeddi
Daha kesgin, daha ciddi.
Diqqet! Diqqet!
Qapamasın gözlərini haray-heşir, çığır-bağır.
Qəzetləri lal eləmək xalqı lal etməkdən ağır.
Ruhun hələ ölməmişsə hayqır-bağır:
Nə qədər ki, sıxıb məni limon kimi sümürən var.
Sümüyümü gəmirən var,
Nə qədər ki, Bakımıza püsgürdülür ölüm tozu,
Təyyarələr zəhərləyir o kolxozu, bu sovxozu,
Nə qədər ki, cocuq qanı pestisidlə mayalanır,
Aşımıza qatır alçaq yüz fitnəni, min yalanı,
Nə qədər ki Ovçarenko dəstəkləyir Balayanı,
Milli geda Boroviki, Ağambekyan min ilanı,
Ne qədər ki, canımızda qan sorucu min gənə var,
Mənim isti sözlərimə soyuq baxan bigane var
O xəyanət sanma bitdi,
Davam edir.
O cinayet davam edir
Mənim şe’rim, mənim qanım cinayətlə dava edir.
Bir halda ki, davam gedir.
Qorx ki, bir gün Vətən deye:
Xəlil balam qurban getdi.
"1989"
Hiç yorum yok:
Yorum Gönder