19 Kasım 2011 Cumartesi

BULUD QARAÇORLU (SƏHƏND)

Səhənd (1926-1979)
HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYAR'A

Bir əlimdə qələm, bir əldə kağaz,
Xəyalım boylanır damdan, duvardan,
Başımda yar bağın gəzmək havası,
Qapılar bağlıdır, yol tapım hardan?

Hasarın dalında könül verdiyim
O yar bir bağ salıb, suyu bulurdan,
Hayvası kəhrüba, narı yaqutdan,
Tağı firuzədən, divanı güldən.

Mavi eyvanında saz çalır Zöhrə,
Bürcündə yay çəkib dayanıb Keyvan,
Layiqi var girəm qəsrinə mən də
Qıllı papağımlan, sınıq sazımlan?


O, bu ehtişamla, bu təmtəraqla
Qapısın üzümə açmasa nə var,
Şahla rəiyyətin söhbəti tutmaz,
Mən bir obalıyam, odur Şəhriyar.

Gərək rüsxət alam Heydər babadan,
"Yox" cavabı bəlkə mənə verməsin,
Bir də Şəhriyardan fərmanım vardır,
"Şair bir-birini olur görməsin?"

Yox, mən də Səhənd'əm, başım ucadır,
İçimdə sönməyən eşq atəşi var.
Məndə səfası var güllü baharın,
Başımı tutsa da qara buludlar.

Laləli, çiçəkli çəmənlərimdə
Gəlib yurd salsa da çoban-çoluqlar,
Yalvarram səfamdan üz döndərməsin,
Şəhriyara layiq Şahyurdum da var.

Könlüm havasıyla qol-qanad açır,
Qaf qalasın almaq – deyə ucalır,
Qalxdıqca boy atır daş-duvarlar da,
Alıcı tərlanım yorulur, qalır.

Duvarlar, duvarlar, polad olsaz da,
Almaz mişar ollam, kəsib biçərəm!
Külüngün borc allam Fərhad babanın,
Bisutun olsaz da, çapıb geçərəm!

Duvarlar, duvarlar, yol verin geçim,
Vulqanam, nəfəsim tufan qoparar.
Buludam, sallansa qaşım-qabağım,
Ağlaram, aləmi sellər aparar.

Bir əlimdə od var, bir əlimdə su,
Bir üzüm qara qış, biri bahardır,
Dosta, istəkliyə isti qoynum var,
Düşmana baxışım şaxtadır, qardır.

İçimdə boğulur dadım, harayım,
Nə duvar hayıma hay verir, nə yar,
Nə daşdan səs çıxır, nə də qardaşdan,
Sankı boşluqlarda itir dalqalar.

Bilmirəm, bəlkə də bu bir xəyaldır,
Ya da ki, sehrdir məni aldadan,
Deyirlər dilbərim bulur qəsrində
Dardadır, asılıb təpə saçından.

Səhənd'i qorxutmaz nə saray, nə sehir,
"Məhəbbət" deyilən bir əfsunu var,
Həm ism-i ə'zəmdir, həm ism-i şəbdir,
Bağlı qapıları üzünə açar.

Açılın, açılın, bağlı qapılar,
Məhəbbət namına, istək namına!
Əriyin, tökülün, dəmir qıfıllar,
Könül xatirinə, ürək namına!

Gəlir qulağıma iniltiləri,
"Burda bir şer darda qalıb, bağırır",
Doğrudan da mən bir "mürüvvətsizəm".
Qardaşım dardadır, məni çağırır.

Çəkilin, çəkilin, yol verin geçim,
Ürəyim alışıb, alov saçaram!
Şəhriyar boynuna zəncir vuralar
Çeynərəm, gəmirrəm, dartıb açaram!

İşləyir qoluma dəmir paxlalar,
Zəncir qıcıqdırır, sancır ətimi.
Can qardaş, hələlik bağışla məni,
Deyəsən unutdun əsarətimi.

Əziz Şəhriyar'ım, bağışla məni,
İncimə, darılma, fikrin hardadır?
Mürüvvətsiz deyil sənin qardaşın,
Ancaq sənin kimi o da dardadır.

Özün demədin ki, bizim ellərdə
"Vəkil müavəkkilin xərcini(1) çəkər?
"Ana - eşq ocağı sönməsin – deyə,
Ürəyin əridər, çırağa tökər.

Hər yanı bilmirəm, bizim diyarda
Heç də xəyal deyil dostluq, məhəbbət,
Ancaq ışıq saçan isti günəş də
Bə'zən bulud altda gizlənir, əlbət.

Nə bilim, bəlkə də, sultanım qardaş,
İşin eybi bizim özümüzdədir.
Həmin bu ilqarın düşkünüyük biz,
Günah yadda deyil, günah bizdədir.

Bir ovuc kələkbaz, qumarbaz ilən
Pakibaz olmuşuq, pak uduzmuşuq.
Mərd ikən namərdə rəhm eyləmişik,
İndi namərdlərə möhtac olmuşuq.

Dövlətliyə saxsı lazım olanda
Vurub sındırmışıq öz küzəmizi,
Çıxdığımız qını beyənməmişik,
Biz eli atmışıq, el atıb bizi.

Elimizə nə gün ağlamışıq biz?
Bağın şaxta vurub, bostanın yarıb
El bizə neyləsin, nə gün ağlasın?
Ağzı uçuqlayıb, dili bağlanıb.

İndi olan olub, geçdilər geçib,
Calanan su bir də küzəyə dolmaz!
Daldan atılan daş topuğa dəyər,
Göz yaşı tökməklən yara sağalmaz!

Bu gün mən Səhənd'əm, sən Şəhriyar'san,
Gəl başın ucaldaq qoca Təbriz'in,
Bir kərə yadların daşını ataq,
Çəkək qayğısını öz elimizin.

Vəfasız güllərin üstündən uçaq,
Qonaq sədaqətli el qucağına,
Sönməz eşqimizdən bir peyvənd salaq
Elin şaxta vurmuş gül-budağına.

Şairim, dünyanı necə görürsən,
Duz yeyib, duz qabın sındıranlar var.
Qədir bilən yara can qurban eylə,
Qədir bilməyənə heyifdir ilqar.

Özgə çırağına yağ olmaq bəsdir,
Doğma ellərimiz qaranlıqdadır.
Yanıb, yandırmayaq yadın ocağın,
Evimiz soyuqdur, qışdır, şaxtadır.

Demirəm yanmayaq, alovlanmayaq,
Yanmasın, neyləsin yazıq pərvanə?!
Yanmayaq vəfasız yarın oduna,
Yanaq elimizə, yanaq vətənə!

Bir yerdə qalmaqdan darıldıq, öldük,
Doğma yurdumuzu dolanaq, gəzək,
El ilən ağlayaq, el ilən gülək,
İncimizi vətən sapına düzək!

O əziz diyarda, doğma şəhərdə
Şairi coşduran səhnələr çox var.
Nisgilləri çoxdur dərdli Təbriz'in,
Biri sən özünsən, əziz Şəhriyar!

Borc altında yaşamaq yamandır, qardaş,
Borcluyuq, borcluyuq həm mən, həm də sən
Gör nə ruzigarda, gör nə gündədir
Şəhriyar bəsləyən bu el, bu vətən!..

Çəkək şe'r topun, haydı, qardaşım,
Sən Heydər baba'ya, mən də Səhənd'ə,
Şairin silahı nəğmədir, sözdür,
Nəğməmiz yayılsın şəhərə, kəndə.

Yazaq, hər misramız bir bayraq olsun,
Həqiqət bayrağı, zəfər bayrağı!
Parlasm mayaq tək, yansın çıraq tək(25)
Gələcək mayaqı, ümid çırağı!

İndilik zəyif bir damla olsaq da,
Süzülək, yığılaq, göl olaq, axaq
Qarışaq çaylara, daşqın sulara,
Dərələrdən geçək, dənizə çataq(26).

Şıltaq ləpələrə qoşulaq, coşaq,
Süzək dalqalarda sonalar kimi,
Gün vursun, yağışlı buluda dönək,
Uçaq, havalanaq durnalar kimi!

Əssin üstümüzə soyuq küləklər,
Bozaraq, tutulaq, qaralaq, yağaq!
Sel olaq, ağnayaq uca dağlardan,
Yerli qayaları dibindən qazaq!

Dağları qoparaq, dərələr dolsun,
Köpüklü suları calayaq düzə,
Yaşarsın qurumuş kollarm kökü,
Baharı qaytaraq vətənimizğ!

Çaylara səd vuraq, zülmə həd vuraq,
Haqlara tapşıraq haqqı hər yerdə!
Qısır qumsallara cummasın sular,
Zəmilər göz göyə dikməsin bir də!

Kəsək ədavətin, kinənin kökün,
"Eşqdən yeni bir quruluş quraq!"
Minək şahablara, ıldırımlara,
Gedək ulduzlara, günəşə qonaq!

Səhər bulağının arıdaq gözün,
Işıqlar qaynasın, xarraxar axsın!
Çızınsın yalıncıq, çılpaq meşələr,
Bu dağlar döşünə gül-çiçək taxsın!

Səhənd də gül açsın, Heydər baba da.
Üzərində çadır qursun Şəhriyar,
Baxaq çiçəklənən yurda, şe'r yazaq,
Şair də bəxtiyar, şe'r də bəxtiyar!

Şairim, yubanma, yoldadır karvan,
Qulaq as, dünyada gör bir nə səsdir,
Bağrını sıxmasın atılan toplar,
Qırılan zəncirdir, sınan qəfəsdir.

Hiç yorum yok:

Yorum Gönder