18 Ekim 2015 Pazar

SEYID ƏBÜLQASİM NƏBATİ

Seyid Əbülqasim Nəbati 1812-ci ildə Qaracadağ mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış nəbati tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üştibində və yaxın mahallarda dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı.Şair qoşmalarının birində öz əsil-nəsəbi haqqında məlumat verərək yazır:

Meydani-eşq içrə səyirtdim atı,
Müxəssər eylədim Rumu, Heratı.
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız Haçimi, əslimiz ərəb.


Nəbatinin uşaqlığı Üştibində və Qaracadağda keçmişdir.O, ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şerlərindəki bioqrafik işarələrdən bilinir ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Qırçında, Ağdamda, Hindarxda və Muğanda-Salyanda, Lənkəranda, habelə Təbrizdə, Xorasanda olmu, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır.

Seyid Əbülqasim bir müddət dərvişlik edib, müridlər arasında nüfuz və hörmət qazanan sonra Üştibində müşrid olmuş, kəramət sahibi kimi tanınmışdır. Gənclik illərində o, Əhərə gedib, dövrünün görkəmli, böyük təriqətçisi olmuş Şeyx Mahmud Sihabəddinin məqbərə və ziyarətgahına guşənişinlik etmiş, riyazətlə məşğul olmuşdur. Nəbatilik təriqətinin başçılarından olan şair dünya işlərindən kənarda qalıb, sufi həyat keçirmiş, hücrədə tənha yaşamaqla haqqa, həqiqət aləmində yetişib gizli sirlərdən xəbərdar olmaq istəmişdir.Şair şerlərinin birində guşənişinliyi tərifləyərək yazmışdır:

Guşeyi-vəhdət nə əcəb ca imiş,
Sirri-nihan onda hüveyda imiş.

Müasirlərinin dediyinə görə Nəbati çox səxavətli, mərd və nəcib bir insan olmuşdur.İbadətdən ayrılıb camaat arasında çıxan zaman onun simasında xüsusi bir gözəllik, işıq, nur görünərmiş; özgə bir hala düşərmiş və bəzən də şövqə gəlib eşqə, mey və məhəbbətə dair şer oxuyarmış.Aydın və şirin danışdığı üçün dinləyənləri valeh adərmiş.Müasirlərinin çoxu onunla həmsöhbət olmağı özlərinə şərəf bilərmiş.

Nəbati orta əsrlərin böyük mütəfəkkiri Nemətullah Vəlinin təriqətinin davamçılarından olmuş, əsərlərində onun sufi-təriqət ideyalarını təbliğ etmişdir.Nemətullahi təriqətinə görə Allaha çatmaq istəyən özünü (maddi aləmi) unutmalı, fənaya uğramalı, bu yolla haqqa qovuşmalıdır.Yalnız daxilən təmizlənib saflaşan insan "ənəlhəqq" deyib özünü haqqa çatmış hesab edə bilər.

Nəbati də bu yolu davam etdirərək, insanın mənəvi kamilləşmə yolu ilə Allah səviyyəsinə yüksələ biləcəyinə inanmışdır. O da böyük Azərbaycan şairi İmadəddin Nəsimi kimi "ənəlhəqq" deyə Allahı insanın özündə, maddi mühittə görmüşdür.Nəbati şerlərinin birində deyir: "Bütün yaradılış bizdən başqa bir şey deyildir.Yerdə, göydə, dəniz və mədənlərdə bizdən başqa heç bir şey yoxdur".

Lakin Nəbati dünyagörüşü, həyata baxışları etibarilə ziddiyyətli şəxsiyyət olmuşdur.O, bir tərəfdən dini ehkamları, xurafatı pisləyir, xalqı ibadətə, mövhumata səsləyən zahidi "kor gözlü uzunqulaq" adlandırır. "Mümkün olduqca eyşüişrət qıl, fürsəti salma ruzi-miadə"-deyə müairlərini həyatdan zövq almağa, şən, deyə-gülə yaşamağa çağırır, ikinci tərəfdən xalis dindar kimi çıxış edir.

Özü də bir dinə qail olmur: gah islamı, gah atəşpərəstliyi təqdir edir, gah da islamı atıb xristian olduğunu, xaça sitayiş etdiyini söyləyir.Hətta bəzən özünü qatı kafir adlandırır.

Şair farsca şerlərinin birində özünün daxili ziddiyyətlərini, bir-birini kəsən yollar ayrıcında mütərəddid qaldığını, mövcud həyatı, varlığı axıra qədər dərk edə bilmədiyini etiraf edib yazır:

Gah ağıllı, gah divanə oldum,
Gah abad, gah viranə oldum,
Gah xərabat içində sufi,
Gah da meyxanə süpürgəçisi oldum...
Gah abid oldum, gah brəhmən,
Gah məscid, gah bütxanə oldum,
Gah dərviş oldum, gah qələndər,
Gah məst, gah da məstanə oldum.

Həyatın maddi yoxsulluq və mənəvi ziddiyyətlər içərisində keçirən, gah qələndəlik, gah da dərvişlik edən Nəbati ahıl yaşlarında "Künci-vəhdətdə təbah oldu əziz ömrüm, heyf"-deyə sufiyanə ömr sürməsinə təəssüflənir, peşmançılıq çəkir.Şair həyatın mənası, dünyanın əvvəli-açırı haqqında çox düşünüb-danışsa da, yaradılışın gizli sirlərindən xəbərsiz qalır.
.
Nəbatinin həyatı zidiyyətli və ağır keçmişdir.Şair rastlaşdığı çətinlikləri aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atsa da, dövran, zəmanə onu həmişə məyus etmiş, kədərləndirmişdir.Şerlərinin birində özünün qəmli, tutqun əhval-ruhiyyəsini ifadə edən şair lirik qəhrəmanının diliylə bu sözləri vermişdir:

Nə müddətdir məni-biçarə, ya rəb, yarsız qaldim,
Pozuldu rövqənim, dağıldı ev, parkarsız qaldım.
Kimə izah edim dərdim, hanı bir məhrəmi-əsrar?
Qəmim çox, qəmküsarım yox, əcəb qəmxarsız qaldım.


Nəbati 1873-cü ildə Üştubundə vəfat etmiş və orada kənd qəbiristanlığında dəfn olunmuşdur.Müasirləri şairin divanını qoruyub-saxlamış, əsərlərini çağdaşlarımıza çatdırmışlar.

Hiç yorum yok:

Yorum Gönder